1920-ci ildə mart ayının 10-da təsis olunmuş Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu il özünün 98-ci il dönümünü qeyd edir. 7 aprel 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti, Zati-aliləri, möhtərəm İlham Əliyev cənablarının “Qızıl Aypara gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, hər il mart ayının 10-u “Qızıl Aypara Günü” kimi qeyd edilir. Bu günün önəminə uyğun olaraq, bu il də AzQAC bir sıra silsilə tədbirlər həyata keçirir. İlk olaraq Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov başda olmaqla, rəhbərlik, Cəmiyyətin üzvləri, könüllüləri AzQAC-ın Fəxri üzvü, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş və əklil qoymuşdur.
Jurnalistlər qarşısında çıxış edən Azərbaycan QAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Cəmiyyətin keçdiyi 98 illik şanlı tarixi yolundan ətraflı bəhs etmiş, bu sahədə Ulu öndərin danılmaz köməyini qeyd etmiş və verilən sualları dolğun cavablandırmışdır.
Tədbirin davamı olaraq, Azərbaycan Texniki Universitetində Azərbaycan Talassemiya Federasiyası ilə birlikdə qanvermə aksiyası keçirilmişdir. Bunlarla yanaşı günün önəminə uyğun olaraq, AzQAC-ın bütün rayon və şəhər bölmələrində humanitar aksiyalar keçirilmişdir. Tədbirlərdə AzQAC-ın rəhbərliyi, kollektivi, çoxsaylı üzvləri və könüllüləri, həmçinin, Azərbaycan Texniki Universitetinin rəhbərliyi və kollektivi iştirak etmişlər.
Aksiyanı açıq elan edən Texniki Universitetin rektor əvəzi, professor Xalıq Yahudov AzQAC-ın humanitar sahədə gördüyü işlərin önəmindən söz açmışdır. Texniki Universitetin qanvermə aksiyasında AzQAC-a dəstək olmasının vacibliyini vurğulamışdır. Daha sonra, söz AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanova verilmişdir. Cəmiyyətin prezidenti çıxışında səhiyyə sahəsində AzQAC-ın fəallığından danışmış, qan verməyin önəmindən bəhs etmişdir. Aksiyada iştirak edərək qan verən hər bir insana öz təşəkkürünü bildirmişdir. Çıxış etmək üçün daha sonra söz Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Fuad Rəsulova verilmişdir. Çıxışında qan vermə sahəsində AzQAC-ın fəaliyyətlərindən bəhs etdi. Qana ehtiyacı olan insanlara qan verməklə onlara yardımçı olmağın nə qədər önəmli olduğunu qeyd etdi.
Daha sonra Universitetin akt zalında tələbələrlə görüş keçirildi. Görüş zamanı çıxış edən Novruz Aslanov gənclərin bu sahədəki önəmli rolundan söhbət açdı. Gələcəkdə də bu tipdə tədbirlərə qoşulmaqda qan azlığından əziyyət çəkən və qana ehtiyacı olan insanlara köməklik göstərməyi onlara tövsiyyə etdi.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində ənənəvi olaraq hər il olduğu kimi “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə kollektivdə çalışan xanımlar təbrik edildi. Yığıncağı təbrik sözləri ilə açan Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Dr. Novruz Aslanov xanımların həyatımızdakı rolundan, onların cəmiyyətdəki müqəddəs missiyalarından danışdı. Onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı.