9-16 avqust, 2018-ci il tarixində Türkiyə Respublikasının Heybəliada bölgəsində Beynəlxalq düşərgə təşkil edilmişdir. Türkiyə Qızıl Ayının təşkilatçılığı ilə baş tutan tədbirdə 33 Milli Cəmiyyətdən 76 gənc nümayəndə iştirak edərək öz bilik və bacarıqlarını bütün iştirakçılarla bölüşmüşlər. Görüşdə, Türk Qızıl Ayının Prezidenti, Beynəlxalq Federasiyanın Vitse-Prezidenti cənab Dr. Kerem Kınık iştirakçılara öz tövsiyyələrini vermiş, gənclərin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatındakı mühüm rolundan söz açmışdır.
1 həftə davam edən düşərgədə, Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin gənc nümayəndələri öncə Milli Cəmiyyətlərini, daha sonra isə Heybəliadanın mərkəzində təşkil edilmiş möhtəşəm tədbirdə ölkələrini təqdim və təmsil etmişlər.
Növbəti günlərdə komandalara bölünən gənclər, öz ölkə və Milli Cəmiyyətlərində humanizm naminə həyata keçirilən fəaliyyət və təcrübələri əsasında ideya və təkliflərini bir araya gətirərək müxtəlif mövzularda layihələr hazırlamışlar..
Beynəlxalq tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Nuranə Qasımzadə və Mobil könüllü dəstələrinin koordinatoru Nigar Rüstəmzadə təmsil etmiş və tədbirin sonunda ölkəni və Milli Cəmiyyəti uğurla təmsil etdiklərinə görə sertifikatla mükafatlandırılmışlar.