Dekabrın 21-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd vətəndaş cəmiyyəti nümayəndələrinin icbari tibbi sığorta sisteminin işləmə mexanizmi haqqında məlumatlılıq səviyyəsini artırmaq, onlarla əməkdaşlıq imkanlarını genişləndirmək və gücləndirməkdir.
Təlimdə Azərbaycan Vərəmlə əleyhinə QHT Koalisiyasının üzv təşkilatları və bir sıra səhiyyə sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak ediblər. İştirakçılara icbari tibbi sığorta sistemindən istifadə qaydası, sığorta haqqının məbləği, xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, göndərişlərin verilməsi qaydası və digər məsələlər haqqında məlumatlar geniş şəkildə təqdim edilib.
Yuxarıda adı çəkilən təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Bakı regional mərkəzinin sədri Rəna İbrahimova və “İcmaya əsaslanan sağlamlıq” proqramının koordinatoru Mətanət Qaraxanova iştirak ediblər.
Sonda iştirakçılar icbari tibbi sığorta sistemi barədə məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə yazılı sorğuda iştirak ediblər. Gələcəkdə bu əməkdaşlığın davamlı və digər tədbirlər formatında həyata keçirilməsi nəzərdə tutulub.