Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəhid və qazi ailələrinin uşaqları üçün bayram şənliyi təşkil olunub. Tədbir AzQAC-ın Sumqayıt şəhər bölməsinin uzunmüddətli dəstəkçisi olan SOCAR Polymer MMC–nin dəstəyi ilə baş tutub.
Tədbirdə Milli Məclisin deputatı Hicran Hüseynova, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Sumqayıt Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva, SOCAR Polymer MMC-nin əməkdaşı Orxan Xəlilzadə, AzQAC-ın icraci katibin müavini Elşən Səlimzadə, Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova və bölmə könüllüləri və digər əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AzQAC-ın Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova qonaqları salamlayaraq bu tədbirin mahiyyətindən bəhs edib. Tədbirin Sumqayıt şəhər bölməsi tərəfindən hər il ənənəvi olaraq qeyd olunduğunu bildirən Mətanət Məhərrəmova tədbirin təşkilinə görə dəstəkçilərə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Hicran Hüseynova öz çıxında dövlətin şəhid ailələrinə və müharibə iştirakcılarına olan diqqət və qayğısını vurğulayaraq, bu tədbirin önəmliliyini qeyd edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov da öz növbəsində iştirakçılara şəhər rəhbərliyinin salamlarını çatdıraraq, şəhid və qazi ailələrinin hər zaman xüsusi diqqətdə olmasından danışıb.
Nahar süfrəsi ətrafında toplaşan iştirakçılar şən musiqi sədaları altında rəqs edərək, maraqlı və yadda qalan gün keciriblər. Şaxta baba və nağıl qəhramanlarının çıxışları, Xarı Bülbül xor ansablının çıxışları, müxtəlif oyunlarla uşaqlar sevindirilib.
Sonda tədbirin iştirakçıları ilə birgə bayram tortu kəsilib və bayram hədiyyələri uşaqlara təqdim olunub.
Valideynlər də öz növbələrində tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Ümumilikdə bu tədbirdə 138 nəfər şəhid, qazi və fiziki imkanları məhdud uşaqlar bəhrələnib.