2019-ci il Yanvar ayının 7-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) məsul şəxsləri AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, İcraçı Katib Ceyhun Mirzəyev, icraçı katibin müavini Səbinə Məhbubi-İran və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nuranə Qasımzadə Pakistan Qızıl Aypara Cəmiyyətini təmsil edən nümayəndə heyətini Baş Qərargahında qəbul etmişlər.
Qonaqları salamlayan cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə Pakistan və Azərbaycan dövlətləri və Milli Cəmiyyətlər arasında qurulmuş dostluq, qardaşlıq münasibətlərini xüsusi olaraq qeyd etmişdir. O vurğulamışdır ki, hər iki Milli Cəmiyyət daim müxtəlif beynəlxalq səviyyədə təşkil edilmiş tədbirlərdə bir-birlərini dəstəkləyərək, cəmiyyətlər arasında olan birliyi nümayiş etdirir.
Qeyd olunan xoş sözlərdən məmnun olduqlarını ifadə edən Pakistan QAC-nin Balocistan əyalətinin sədri Seyd Şabir Bəyan və sədr müavini Məhəmməd Əkrəm Şah Azərbaycana, onun Milli Cəmiyyətinə səfər etdiklərindən şərəf duyduqlarını vurğuladılar. Qonaqlar tərəfindən hal-hazırkı vaxtda cəmiyyətin Balocistan əyalətində baş vermiş quraqlıq nəticəsində yerli əhalinin üzləşdikləri çətinliklərdən bəhs edildi.
Pakistan Milli Cəmiyyəti bu problemin həll edilməsi üçün bütün imkanlarını səfərbər etməyə hazırdır və eyni zamanda digər Milli Cəmiyyətlərin də bu məsələdə dəstəyini əhəmiyyətli hesab edir.
Söhbət əsnasında bildirildi ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pakistan QAC-nə mümkün imkanlar çərçivəsində öz müvafiq dəstəyini göstərməyə çalışacaqdır. Görüşdə ikitərəfli əməkdaşlığın istiqamətləri və s. haqqında fikir mübadiləsi aparılmışdır.
Görüşün sonunda qonaqlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tarixində şərəfli xidmətlərinə görə fərqlənən şəxsiyyətlər, “Florens Nightingale” mükafatına layiq görülmüş tibb bacılarını əks etdirən qalereya və kiçik muzeylə tanış olmuş, möhtəşəm tədbirlər və həyata keçirilmiş fəaliyyətlərlər haqqında məlumatlandırılmışlar.