10 Oktyabr- 1992-ci ildən Ümumdünya psixi sağlamlıq federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan ümumdünya və beynəlxalq günlər siyahısına daxildir. Ümumdünya Səhiyyə təşkilatının (ÜST) bakı ofisinin məlumatına görə, Azərbaycanda hər il ruhi xəstəlikləri olan 80 000-dən çox adam ekspertlərə müraciət edir.
“Psixi sağlamlıqsız sağlamlıq olmur” devizi altında keçirilən bu gündə qlobal miqyasda psixi pozuntular mövzusu cəmiyyətdə daha açıq müzakirə edilir, bu sahədə profilaktika və müalicə xidmətlərinə sərmayə qoyulmasını stimullaşdırmaq üçün müəyyən tədbirlər görülür.
“Ümumdünya Psixi Sağlamlıq Günü” münasibəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və könüllülər söbəsinin təşəbbüsü ilə AzQAC Sumqayıt bölməsində Gənc könüllülərin iştirakı ilə maarifləndirici seminar təşkil olunmuşdu.
Seminarda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin müdiri, icraçı katibin müavini Xalidə İsgəndərova, Sağlamlıq və Qayğı şöbəsinin nümayəndəsi Şahin Biləndərli iştirak edirdi. Seminarı giriş sözü ilə AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova açaraq qonaqları salamladı. Daha sonra çıxış edən Xalidə İsgəndərova günün əhəmiyyəti və Cəmiyyətin bu sahədə fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verdi. Psixososial dəstək layihəsinin əməkdaşı Elnarə Mehdiyeva psixi sağlamlıq, stress, onu yaradan səbəblər və növləri barədə təqdimatla çıxış etdi. Seminarda mövzu ilə əlaqədar videoçarxlar nümayiş olunmuş, qrup işləri təşkil olunaraq diskussiya formasında müzakirələr aparılmışdır