Azərbayan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri Türkiyə Qızıl Ay Cəmiyyətinin, BQXQAC Federasiyasının və BQXK-nın rəhbər və məsul şəxsləri ilə birlikdə münaqişədən zərərçəkmiş mülki əhaliyə baş çəkmək üçün cəbhəyanı ərazilərə səfər edib. Öncə Yevlax rayonunda olan heyət, Türkiyə Qızıl Ay Cəmiyyətinin zərərçəkmiş mülki əhaliyə göndərdiyi humanitar yüklərin saxlanma yeri və humanitar yardım qutularındakı çeşidləmə ilə tanış oldular. Humanitar yüklərin daşınması və paylanılması qaydası haqqında ətraflı məlumat aldılar.
Daha sonra heyət Gəncə şəhərində müharibədən zərərçəkən insanlara zəruri ləvazimatların paylanması prosesində iştirak etdilər. AzQAC-ın Gəncə regional mərkəzində baş tutan paylanış prosesində qarşı tərəfin hücumu zamanı evləri dağılan insanlar onlar üçün lazım olan yataq, geyim dəstləri və ərzaq bağlamaları ilə onlara dəstək olduqlarına görə Türkiyə Qızıl Ay Cəmiyyətinin nümayəndələrinə öz təşəkkürlərini bildirdilər. Zərərçəkmiş insanlardan müsahibə götürüldü, onların ehtiyacları müəyyənləşdirildi. Lazımi məişət avadanlıqlarının alınması üçün qiymətləndirmə işləri aparıldı. Mövcud vəziyyətlə bağlı müzakirələr aparıldı.
Bərdə rayonunda BQXK-nın ofisində hərəkət daxili 3 tərəfli görüş keçirən heyət atılacaq növbəti addımlar haqqında müzakirələr apardı. Görüşdə müvafiq qərarlar qəbul edildi.
Səfər zamanı Tərtər rayon bölməsinin ofisində keçirilən iclasda mövcud vəziyyət haqqında məlumat verən Tərtər rayon bölməsinin sədri məlum hadisələr zamanı üzləşdikləri çətinliklər və gördükləri işlər haqqında ətraflı məlumat verdi. Sığınacaqda olan zərərçəkmiş 300 nəfər mülki əhaliyə dayanmadan gündəlik olaraq humanitar yardım göstərildiyini xüsusi qeyd etdi. Bu işdə AzQAC-ın könüllülərinin də rolu çox yüksək olmuş, Milli Cəmiyyətin mandatına və missiyasına uyğun olaraq fəaliyyətlərini davam etdirmişlər. Daha sonra Tərtər rayonu ərazisində qarşı tərəfin hücumu zamanı dağıdılmış evlərə baş çəkilmişdir. Ev sahiblərinin problemləri və ehtiyacları müəyyənləşdirilmiş və lazımi tədbirlər görmək üçün qeydlər aparılmışdır. Ərazidə münaqişə zamanı mülki əhaliyə yardım göstərən AzQAC-ın könüllülərindən müsahibə götürülmüşdür.