2021-ci il dekabrın 20-dən başlayaraq Türkiyə Qızıl Ay Cəmiyyəti tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kollektivinə və könüllüləri üçün təşkil edilən ilk yardım təlimlərinə start verildi.
Cəmiyyətin baş ofisində təşkil edilən ilk yardım təlimlərini giriş sözü ilə açıq elan edən AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev iştirakçıları Milli Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun adından salamladı. İcraçı katib Türkiyə QAC-nın çox böyük potensiala sahib bir təşkilat olduğunu bildirdi. 7 regionda nümayəndəliklərinin olmasının da onların güclü bir humanitar təşkilat olduğunun bariz bir nümunəsi olduğunu söylədi. Təşkil edilən ilk yardım təlimlərinin yüksək standartlara cavab verdiyini bildirdi. Bu təlimlər dünya təcrübələrinə əsaslanır. İlk yardım təlimləri AzQAC üçün çox vacibdir. Prioritet sahəmizin münaqişədən zərərçəkmiş ərazilərin olduğunu bildirdi. 2016-cı ildə Fövqəladə Mobil Könüllü Dəstələrin yaradılmasının nə qədər mühüm bir məsələ olduğunu xüsusi olaraq vurğuladı. Həm pandemiya həm də 44 günlük müharibə dövründə müharibədən zərərçəkmiş insanlara humanitar yardımların paylanılmasında, ilk yardım və psixososial dəstəyin göstərilməsində FMKD-lərin çox böyük rolu olduğunu qeyd etdi.
Daha sonra çıxış edən Türkiyə QAC-ın nümayəndəsi Halil Ekinci AzQAC ilə əməkdaşlıqdan çox məmnun olduqlarını bildirdi. Zərərçəkmiş insanların yenidən öz evlərinə qaytarılmasında və əvvəlki həyatlarına inteqrasiya edilmələrində AzQAC-la Türkiyə QAC-ın qarşıdakı illərdə daha sıx əməkdaşlıq edəcəyini bildirdi. İlk yardımla yanaşı psixososial dəstəyin də göstəriləcəyini xüsusilə vurğuladı.
Türkiyə QAC-ın Qafqaz nümayəndəliyinin rəhbəri Semih Paslı ilk yardım təlimlərinin çox vacib olduğunu qeyd etdi. Təlimçilərin dünya səviyyəsində olduğunu bildirdi. Hər kəsə təlimlərdə uğurlar arzuladı.