02 (1)

Dünyanın ehtiram göstərdiyi lider

 

Təcrübə göstərir ki, hər bir siyasi və iqtisadi prosesin uğurlu nəticəsi ilk növbədə dövlətə rəhbərlik edən şəxsin qətiyyəti, iradəsi və mövqeyi ilə təmin olunur. Tarixin sınaqlarından çıxmış bu formul hazırda Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın nail olduğu tarixi və möhtəşəm uğurların timsalında öz təsdiqini tapmaqdadır.

Cənab Prezident İlham Əliyev o liderlərdəndir ki, öz müdrikliyi, atdığı addımlar və tarixi proseslərin gedişatını milli mənafelər üçün nizamlamağı bacarmaqla dövlətinin və xalqının şərəf salnaməsinin müəllifinə çevrilir. Bu baxımdan Ulu Öndər Heydər Əliyev yolunun ən layiqli siyasi davamçısı kimi Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi ötən 18 ildə Azərbaycanın nail olduğu hər bir uğur və hər bir inkişaf nümunəsi müasir müstəqillik tariximizin möhtəşəm hadisələridir. Ötən 18 ildə Azərbaycan olduqca böyük və tarixi keyfiyyət dəyişiklikləri yaşayıb.  Prezident İlham Əliyev çox qısa müddətdə bütün sahələrin inkişafına nail olmaqla Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan nailiyyətlərin banisinə çevrilib. 18 ildə bütün Azərbaycan yenidən qurulub və bunu Milli Məclisdə təmsil etdiyim İsmayıllı rayonunun timsalında da aydın görmək mümkündür.

Azərbaycanın hər bir uğuru ölkə vətəndaşlarının öz rəhbərinə olan inamını daha da gücləndirib.Təsadüfi deyil ki, ötən hər prezident seçkisi seçicilərin mütləq əksəriyyətinin öz səslərini cənab İlham Əliyevə verməsi ilə əlamətdar olub. İnkişaf proseslərinin davamlı olmasını arzulayan vətəndaşlar hər dəfə seçkilərdə İlham Əliyevə dəstəyini nümayiş etdirib. Bu, Azərbaycanda cəmiyyətin mövcud siyasi kursa rəğbətinin və inamının real təsdiqi olmaqla bərabər, milyonların arzusunu, istəyini özündə ehtiva edib.

Fəxarət doğuran digər məqam isə Prezident İlham Əliyevin dünyada dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi qəbul olunmasıdır. Qətiyyəti, diplomatik məharəti onu dünyanın nüfuzlu siyasi rəhbərləri cərgəsinə çıxarıb. Ona görə də Azərbaycan Prezidentinin şəxsiyyəti bu gün beynəlxalq səviyyədə ehtiramla qəbul olunur. Dövlətimizin başçısının hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO-nun Baş katibi Yens Stoltenberq tərəfindən yüksək ehtiramla qarşılanması da bir daha bunları təsdiq etdi. Brüsseldə keçirdiyi görüşlərin hər biri Prezident İlham Əliyevin qlobal miqyasda yüksək imicə malik siyasi lider, Azərbaycanın isə uğurları qlobal miqyasda qəbul edilən ölkə olduğunu növbəti dəfə nümayiş etdirdi.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin zirvə nöqtəsi isə əlbəttə ki, ötən ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi oldu. Xalqımızın intizarında olduğu bu tarixi reallığın müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Cənab İlham Əliyevin həyata keçirdiyi kompleks inkişaf siyasəti, respublikamızın yüksəlişi torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını və Ermənistan üzərində hərbi qələbəni təmin etdi. Torpaqlarımızın azad edilməsi ilə cənab İlham Əliyev həm də dövlətimiz və xalqımız üçün olduqca mühüm və tarixi vəzifəni şərəflə yerinə yetirdi.

Bu ilin noyabrında Soçidə, dekabrında isə Brüsseldə keçirilən görüşlər göstərdi ki, cənab İlham Əliyev Vətən müharibəsində qazanılan qələbəni indi siyasi-diplomatik sferada qətiyyətlə davam etdirir. Bu görüşlərin heç birində “Dağlıq Qarabağ münaqişəsi”, “status” kimi ifadələrdən istifadə edilmədi, Minsk qrupunun adı belə çəkilmədi. Bu da bir daha təsdiq edir ki, həm Rusiya, həm Avropa İttifaqı Prezident İlham Əliyevin yaratdığı yeni reallıqları tam bölüşür.

Məramında humanizm, xeyriyyəçilik və insanlara kömək etmək kimi ülvi prinsiplər dayanan və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ölkəmizdə yeganə təmsilçisi olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də yüksəlişi, respublikamızın aparıcı qeyri-hökumət təşkilatlarından birinə çevrilməsi Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir. Xüsusilə qeyd etmək istərdim ki, cənab İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı ilk aylarda verdiyi qərarlardan biri “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” 31 yanvar 2004-cü il tarixli sərəncam  olub.

2007-ci ildə “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanunun qəbulundan sonra AzQAC həm də Azərbaycanda xüsusi statuslu təşkilata çevrilib. Bu qanunun qəbulu da məhz Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində mümkün oldu. Hazırda bu qanun dünyada nümunə kimi istifadə edilir. Cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamına əsasən isə hər il martın 10-u Azərbaycanda Qızıl Aypara Günü kimi qeyd olunur. Cəmiyyətin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, üzvlərinin orden və “Tərəqqi” medalı ilə təltif olunması fəaliyyətimizə verilən ali dəyər olmaqla bizlərə humanizm və xeyriyyəçilik kimi müqqəddəs missiyamızı daha inamla həyata keçirməyimizə yüksək stimul verib.

 Bütövlükdə, 2004-cü ildən bəri Azərbaycan Prezidenti AzQAC-a dövlət qayğısının artırılması ilə bağlı 12 sərəncam imzalayıb ki, bu da fəaliyyətimizə diqqət və qayğının yüksək göstəricisi olmaqla, bizi işimizdə daha məsuliyyətli olmağa, ölkəmizə layiqincə xidmət göstərməyə sövq edir.  “Respublikamızın müasir ictimai və sosial həyatında Qızıl Aypara Cəmiyyəti özünəməxsus yer tutur, humanizm və könüllülük prinsiplərinə əsaslanaraq qayğıya ehtiyac duyan insanlara lazımi yardım göstərir” deyən Prezident İlham Əliyevin AzQAC-ın fəxri üzvü olması bu qurumun dəyərini, xüsusi çəkisini artırıb.

Onu da qeyd edim ki, Prezident İlham Əliyevin dövlətimizə layiqli və uğurlu rəhbərliyi yaradıcı fəaliyyətimdə də öz əksini tapır. Bu günlərdə deputat həmkarım Eldar Quliyevin sözlərinə bəstələdiyim mahnı əsasında hazırlanan musiqi layihəsi də bu qəbildəndir. İnanıram ki, bu mahnı xalqımız tərəfindən rəğbətlə qarşılanacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nailiyyətləri dövlətin və xalqın taleyində əsl liderlərin müstəsna rolunu aydın təsəvvür etməyə imkan verir. Qarşıda İlham Əliyevin rəhbərliyi ilə dövlətimizi daha böyük nailiyyətlər və möhtəşəm inkişaf nümunələri gözləyir. Bu yolda cənab İlham Əliyevə uğurlar arzu edirik və hər birimiz əminik ki, müdrik, qətiyyətli və uzaqgörən siyasət dövlətimizin sürətli yüksəlişini bundan sonra da layiqincə təmin edəcək.

 

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı,

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.