16 sentyabr 2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili cənab Novruz Aslanov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni başçısı xanım Draqana Koiç arasında ikitərəfli görüş keçirilib.
Görüşü giriş sözü ilə açan prezident qonaqları AzQAC-ın kollektivi, çoxsaylı könüllüləri və üzvləri adından salamlayıb. Görüşün əsas məqsədi iki təşkilat arasında əməkdaşlıq çərçivəsində aparılan işlərin və gələcəkdə planlaşdırılan fəaliyyətlərin müzakirəsi olub. Ənənəvi olan bu görüşdə hər zaman olduğu kimi birgə aparılan tədbirlər, göstərilən qarşılıqlı dəstək qiymətləndirilib və səmərəli təkliflər irəli sürülüb.
Milli Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanov iki təşkilat arasındakı əməkdaşlığın önəmini vurğulayıb, BQXK-ın hər zaman Milli Cəmiyyətin yanında olduğunu bildirib. AzQAC və BQXK bir çox sahədə əməkdaşlıq edir. Belə ki, Fövqəladə Mobil Könüllü Dəstələrin hazırlığı, onların texniki avadanlıqla təmin olunmasına BQXK yaxından dəstək olub. Eyni zamanda, tərəfdaşlar digər sahələrdə əməkdaşlıq etməyə davam edirlər. Bunlara İlk Yardım və Sağlamlıq, Silahlara qarşı mübarizə, Təhsilə Giriş, Psixososial Dəstək və s. kimi bir çox sahədə qarşılıqlı əməkdaşlığı misal göstərmək olar.
Azərbaycana gəlməsindən şad olduğunu qeyd edən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Draqana Koiç özü və fəaliyyəti haqqında qısa məlumat verib. Fövqəladə Mobil Könüllü Dəstələrdən, psixososial dəstək proqramlarından danışaraq əməkdaşlığın beynəlxalq səviyyədə olduğunu xüsusi qeyd edib.
Hər iki qurum arasındakı əlaqələri yüksək qiymətləndirdiyini deyən Novruz Aslanov Draqana Koiçə yeni və məsuliyyətli missiyasında uğurlar arzulayıb.
Sonda qonaqlara simvolik xatirə hədiyyələri verilib və xatirə şəkili çəkdirilib.