1985-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub və həmin tarixdən bu gün qeyd olunur.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi hər il olduğu kimi bu il də “Beynəlxalq Könüllülər Günü” münasibəti ilə bir neçə tədbirlə bu günü qeyd etdi. 4 dekabrda bölmə “Azərikimya” İB ilə birgə Qanvermə aksiyası təşkil etmişdi. 5 dekabrda isə bölmənin ofisində işçi heyəti və könüllülərin iştirakı ilə tədbir təşkil olunmuşdu. Tədbirdə AzQAC-ın İcraçı katibinin müavini , “Gənclər və Könüllülər” şöbəsinin müdiri Xalidə İskəndərova da iştirak etmişdi.
Tədbiri giriş sözü ilə bölmənin sədri Mətanət Məhərrəmova açaraq tədbir iştirakçılarını salamladı və bölmənin könüllülərini bu gün münasibəti ilə təbrik etdi. Daha sonra Xalidə İskəndərova “QX/QA Hərəkatında gənclərin cəlb olunma prinsip və strategiyaları” ilə bağlı prezentasiyanı təqdim etdi. Xalidə xanım həmçinin humanitar dəyərlər və könüllünün davranış bacarıqlarından bəhs edərək, bir sıra maraqlı məqamlara toxundu. Könüllülərin mövzu ilə bağlı suallarını cavablandırdı.
Bundan sonra AzQAC-ın Humanizm missiyasında fərqlənən, bölmənin fəaliyyətində öz aktivliyi ilə seçilən könüllülərə “Beynəlxalq Könüllülər Günü” münasibətilə Fəxri Fərmanlar təqdim olundu. Tədbir zamanı həmçinin AzQAC Sumqayıt bölməsinin könüllülərinin fəaliyyətinə həsr olunmuş videoçarx da nümayiş olunmuşdu. Həmin videoçarxa bu linkdən baxa bilərsiniz: https://www.youtube.com/watch?v=D_K9Iw2bldU
Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdi. Qeyd edək ki, könüllülərə bayram münasibəti ilə şirniyyat süfrəsi açılmış, əyləncəli proqram da təşkil olunmuşdu.