7 dekabr 2022-ci il tarixində Beynəlxalq Könüllülər Günü ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, AzQAC-ın rayon bölmə sədrləri və könüllüləri, eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməliyyatlar üzrə rəhbəri Beata Skwarska, BQXK-ın Bərdə ofisinin rəhbəri Sabin Qralla, Əməkdaşlıq üzrə koordinatoru Cecilia Kituri və müvafiq proqramların əməkdaşları iştirak ediblər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.