25 yanvar tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Cəlilabad rayonuna media-tur təşkil olunub. Media-turun məqsədi media və qeyri-hökumət təşkilatlarını, eləcə də Litva Respublikasının Milli Tibbi Sığorta Fondunun (Tvininq layihəsinin) nümayəndələrini Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır.
Səfər çərçivəsində media-tur iştirakçıları Cəlilabad Rayon Mərkəzi Xəstəxanası (RMX) və Cəlilabad Müalicə-Diaqnostika Mərkəzində (MDM) olublar. Cəlilabad rayon xəstəxanasının baş həkimi qonaqlara İTS-a dair xəstəxanada həyata keçirilən tibbi xidmətlər barədə geniş məlumat verib.
Bununla yanaşı səfərdə iştirak edən Azərbaycan Vərəmlə mübarizə QHT Koalisiyanın üzvləri Cəlilabad xəstəxanasının nəzdində Vərəm kabinetinə baş çəkib, rayonda vərəm xəstələrinə xidmətə dair məlumatları əldə ediblər.
Adı çəkilən səfərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova və “İcmaya əsaslanan sağlamlıq” proqramının koordinatoru Mətanət Qaraxanova iştirak ediblər.