1988-ci ildən etibarən hər il dekabr ayının 1-də “Ümumdünya QİÇS-lə mübarizə günü” qeyd edilir. Bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur.
Hər il Ümumdünya QİÇS-lə mübarizə günü aktual problemləri əks edən müxtəlif şüarlar altında keçirilir. BMT-nin təşəbbüsü ilə, 2011-ci ildən başlayaraq 2015-ci ilə kimi, Ümumdünya QİÇS-lə mübarizə günü “Sıfır məqsədini əldə etməyə doğru ” şüarı altında keçirilir. Yəni, sıfır – yeni yoluxma halları, sıfır – İİV-lə yaşayan insanlara qarşı ayrı-seçkilik halları və sıfır – QİÇS -lə bağlı ölüm halları.
İİV/QİÇŞ problemi Azərbaycanda da ən aktual problem olaraq, daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV epidemiyasının müntəzəm aparılan monitorinqi onun əsasən yoluxmaya yüksək riskli əhali qrupuna aid olan infeksion narkotik istifadəçiləri arasında yayılmasını təsdiqləyir.
İİV/QİÇS-in qarşısının alınması məqsədilə il ərzində Qızıl Aypara Cəmiyyəti Azərbaycanın bütün regionlarında QİÇS-lə bağlı yeniyetmə, gənc və ümumilikdə, əhali arasında maarifləndirmə işləri aparır. Bildiyiniz kimi, 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür. Bu məqsədlə, Qızıl Aypara Cəmiyyəti “QİÇS-lə bağlı qan testindən keç və təhlükəsiz yaşa” adlı müxtəlif kampaniyalar, qan analizləri, yürüşlər, sessiyalar, rəsm müsabiqələri təşkil edir. Bu da insanların bu xəstəliklə bağlı maarifləndirilməsinə köməklik göstərir.
Belə ki, 1 dekabr 2015-ci ildə Qızıl Aypara Cəmiyyətinin rayon bölmələrinin (sərhədyanı rayonlar) sədrləri üçün QİÇS-lə bağlı təlim keçirildi. Təlim Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova tərəfindən aparıldı. Təlim zamanı sədrlərə xəstəlik haqqında geniş məlumat verildi,onları maraqlandıran suallara cavab verildi, eyni zamanda, maarifləndirici bukletlər və broşurlar paylanıldı. Qeyd edək ki, bu yaxınlarda Gənclər Komitəsi tərəfindən “Gənclərin cəlb olunma strategiyası” işlənib-hazırlanmışdır. Gənclər Komitəsinin təlimatçısı Nigar Ayvazova tərəfindən iştirakçılara yeni strategiya təqdimat şəklində təqdim olunmuş, gənclərin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün layihələrində aktiv iştirak etmələrinin vacib olduğu iştirakçılara aşılanmışdır.