Sumqayıt şəhər Ağsaqqallar şurasının sədri Müzəffər Gülümovun müraciətinə cavab olaraq, 17 mart 2016-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi tərəfindən şuranın üzvlərinə Novruz sovqatı paylanılmışdı.
Tədbir Sumqayıt şəhər Ağsaqqallar evində baş tutdu. Tədbiri giriş sözü ilə Ağsaqqallar şurasının sədr müavini, “Sumqayıt” qəzetinin baş redaktoru, əməkdar jurnalist Qüdrət Kərimov açaraq ağsaqqalları salamladı və Novruz bayramı münasibəti ilə öz səmimi arzularını onlara çatdırdı. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova da öz növbəsində Sumqayıt şəhərini qurub yaradan ahıl insanları bahar ətirli, səməni qoxulu Novruz bayramı münasibətilə təbrik etdi, onların həmişə diqqət və qayğıya layiq olduqlarını bildirdi.
Bundan sonra AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən hazırlanan bayram sovqatı 80 nəfər ağsaqqal və ağbirçək ahıllarımıza paylanıldı. Söz alan bir neçə bu qəbildən olan insanlar tədbirin təşkili üçün AzQAC Sumqayıt şəhər bölməsinə öz minnətdarlıqlarını bildirdilər.