DSC02563

“Təhlükəsiz Oyun Meydançaları” nın rəsmi açılış mərasimləri 01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü onlara ən böyük hədiyyə olaraq gerçəkləşdi

1-4  iyun  2016-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Almaniya Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində Qazax rayonunun Xanlıqlar, Gədəbəy  rayonu Kiçik Qara Murad, Ağcabədi rayonu Muğanlı, Tərtər Rayonu Borsunlu   kəndlərində  “Mina Risklərinin Azaldılması” strategiyasına aid ənənəvi layihə olan “Təhlükəsiz Oyun Meydançaları” nın rəsmi açılış mərasimlərini gerçəkləşdirmişdir.

2005-ci ildən başlayaraq Azərbaycan Respublikasının qərb bölgəsində yerləşən rayonların, vaxtilə qızğın döyüş meydanı olmuş, indi isə soydaşlarımızın yaşadığı ərazilərində (kəndlərdə, icmalarda) uşaqları mövcud olan mina və müharibənin partlamamış hərbi sursat qalıqları (MPQ) ilə rastlaşma risklərindən qorumaq məqsədini daşıyan “Təhlükəsiz Oyun Meydançaları” layihəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilir. Layihənin Azərbaycanda önəmli humanitar addım kimi Milli Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilməsinin əsas təşəbbüskarı və dəstəkçisi Beynəlxalq Qızıl Xaç Komitəsi olmuşdur. Layihənin yaranması və həyata keçirilməsi üçün əsas səbəb Azərbaycanda minadan /MPQ dən ölən və yaralananların statistikasında uşaqların sayının həddən artıq çox olması olmuşdur. Belə ki, 2005-ci ildə ANAMA-nın (Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik) rəsmi statistikasında minadan ölən və zərərçəkənlərin ümumi sayında ümumilikdə 59 nəfərdən 33 nəfəri uşaq kimi qeydə alınmışdır. Bu kimi dəhşətli göstəricilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsinə “Mina Risklərinin Azaldılması” strategiyası üzrə “Təhlükəsiz Oyun Meydançaları” layihəsinin həyata keçirilməsinə zəmin yaratmışdır. Layihənin həyata keçirilməsini ANAMA əhəmiyyətli hesab edərək daim Azərbaycan Qızıl Aypara Cəmiyyətinə bu sahədə öz dəstəyini vermişdir.

2005-2016-cı  illər ərzində ümumilikdə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarından  61  kənddə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən “Təhlükəsiz Oyun Meydançası” layihəsi quraşdırılaraq uşaqların istifadəsinə verilmiş və bununla da uşaqların mina və MPQ ilə rastlaşma risklərinin qarşısı qismən də olsa alınmışdır. Qeyd etməliyik ki, bu illər ərzində quraşdırılmış bu 61 meydança Azərbaycan Qızıl Aypara Cəmiyyəti və müxtəlif tərəfdaşlarla həyata keçirilmişdir. Bu tərəfdaşlar Norveç Qızıl Xaç Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi, “HOMS” təşkilatı (Heads Of Missions Spouses – Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun rəhbərlərinin xanımları təşkilatı), Trans Global Projects LTD, Niderland Krallığının ölkəmizdəki səfirliyi, Almaniya Qızıl Xaç Cəmiyyəti olmuşdur.

Mina / MPQ problemlərinin bir çox cəbhəyanı kəndlərdə hələ də mövcudluğunu və uşaqlar üçün bu istiqamətdə hələ də risklərin olmasını nəzərə alaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti artıq eksperti olduğu “Mina Risklərinin Azaldılması” startegiyası çərçivəsində olan “Təhlükəsiz Oyun Meydançaları” layihəsini davam etdirməkdədir.  2016-cı  ilin mart ayında Azərbaycan Qızıl Aypara Cəmiyyəti Almaniya Qızıl Xaç Cəmiyyətinin  ianə etdiyi maliyyəni 4 “Təhlükəsiz Oyun Meydançası” layihəsinin  tikintisinə sərf etmişdir.

Artıq 2016-ci ilin iyun  ayında 4 cəbhəyanı icmada tikilmiş “Təhlükəsiz Oyun Meydançası” layihəsi hazır olmuş və kənd uşaqlarının istifadəsinə verilməsi üçün rəsmi açılış mərasimini qeyd etmişdir. Bu münasibətlə həyata keçirilən rəsmi açılış mərasimlərində  AzQAC-nin İcraçı Katibi Ceyhun Mirzəyev, bu layihənin koordinatoru Məmməd Kətanov, Miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva, Almaniya Qızıl Xaç Cəmiyyətinin məsul nümayəndəsi xanım Meştild Rixert, Almaniya dövlətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirliyinin  I-ci   Katibi  cənab Paul Amann,  rayon ictimaiyyəti nümayəndələri : Qazax rayon İH başçısı Rəcəb Babaşov, birinci müavin Fərman Nağdəliyev, Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı, məktəb direktoru Leyla Vəliyeva, AzQAC-ın Gəncə Regional Mərkəzinin koordinatoru İsmayıl Əsədov, Gədəbəy rayonu İH başçısı Ramiz Yadigarov, müavin Vüsal Musayev, Təhsil şöbəsinin müdiri Baxış Nağıyev, kənd məktəbinin direktoru Eldəniz Hüseynov,Gədəbəy rayon bölməsinin sədri Mədət Nəbiyev, Ağcabədi rayon İH başçısı Şahin Məmmədov, Müavin Naibə Mustafayeva, kənd məktəbinin direktoru Reyhan Əliyeva, rayon bölməsinin sədri Şirxan Hüseynov,Tərtər rayonu İH başçısı Müstəqim Məmmədov, müavin Ramiz Şabanov, kənd məktəbinin direktoru Tuğay Axundov, rayon bölməsinin sədri Etibar Heydərov və hər  kənddə icma rəhbərləri, müəllim və şagird kollektivləri, kənd ziyalıları və ən əsas kənd uşaqları iştirak edirdilər. Açılışlarda giriş sözü ilə AzQAC-nin İcraçı Katibi Ceyhun Mirzəyev çıxış edərək bu mühüm humanitar aksiya üçün donor cəmiyyətin nümayəndəsinə və iştirakçılara AzQAC-ın prezidenti, Milli Məclisin Deputatı Novruz Aslanovun təbriklərini və isti salamlarını çatdırdı və xanım Meştild Rixertə və onun simasında bütün Alman Qızıl Xaçının rəhbərliyinə minnətdarlıq etdi.Ceyhun Mirzəyev və rayonların icma nümayəndələri belə humanitar və əvəzsiz layihələrin gələcək əməkdaşlıq çərçivəsində uğurla davam etdiriləcəyinə ümidvar olduqlarını bildirmişlər.Açılış mərasimində uşaqlar öz sevinclərini açıq büruzə verərək şerlər söylədilər və onlar üçün inşa edilmiş bu gözəl meydançanın qurğularından istifadə etdilər. Bu təhlükəsiz oyun meydançaları onlara əlamətdar bir gündə – 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi günü hədiyyə edildi. Bu simvolik açılış mərasimində çıxış edən rayon rəhbərliyindən olan rəsmilər və kənd icma üzvləri belə əhəmiyyətli layihə üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və bu layihədə ona dəstək vermiş Almaniya Qızıl Xaç Cəmiyyətinə təşəkkür etdilər. Xanım Meştild öz çıxışlarında layihənin uğurla başa çatdırılmasından, uşaqların hədsiz sevincini gördüyündən çox məmnun qaldığını dilə gətirərək bu işdə hədsiz əməyi olmuş layihə koordinatoru Məmməd Kətanova və bölmə sədrləri və könüllülərinə minnətdarlığını bildirdi və söylədi ki, bu layihələrin gələcəkdə də həyata keçirilməsi üçün əlindən gələni edəcək.

Tərtər rayonu Borsunlu kənd məktəbində keçirilən açılış mərasimində iştirak edən Almaniya Respublikasının Azərbaycandakı səfirliyinin 1-ci Katibi Paul Amann da gördüklərindən vəcdə gələrək uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə təbrik etdi və bu humanitar layihənin həyata keçirilməsindən razı qaldığını bildirdi. Cənab Amman hər iki cəmiyyətin idarə heyətinə və əməkdaşlarına minnətdarlığını bildirərək bu xeyirxah və mühüm layihənin bu ağır şəraitdə yaşamağa məhkum olmuş uşaqların həyatında həyati vacib bir addım olduğunu söylədi.

Çıxışlardan sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti və kənd rəhbərliyi arasında “Təhlükəsiz Oyun Meydançalarının” nın kəndə təhvil verilməsi haqda xüsusi hazırlanmış müqavilə imzalanaraq meydançanın  qapısında simvolik bağlanmış qırmızı lent kəsildi. Meydança rəsmən icma uşaqlarının istifadəsinə verildi.Uşaqların sevinc sədaları meydanı doldurdu və təşəbbüskarların sevincinə səbəb oldu.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti də öz növbəsində belə gözəl humanitar layihəyə  yönəltdiyi maliyyə ianəsini təqdim etdiyinə görə Almaniya Qızıl Xaç Cəmiyyətinə  təşəkkür edir və bu əməkdaşlığın uğurlu və davamlı gələcəyinə ümüd edir.

Tədbirlər yerli icra hakimiyyətinin web saytlarında, bölgə və ölkə KİV vasitələri ilə lentə alındı və göstərildi.20160601_131137 20160604_115340 DSC02548 DSC02551 DSC02552 DSC02553 DSC02560 DSC02566 DSC02573 DSC02580 DSC02584 DSC02585 IMG_3228 IMG_3233 IMG_3255 IMG_3268 IMG_3271 IMG_3273 IMG_3290 IMG_3310 IMG_3323 IMG_3338 IMG_3500 IMG_3513 IMG_3517 IMG_3529 IMG-20160607-WA0005

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.