Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixi 1044 nömrəli Sərəncamı ilə “Tallassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər planının 5.7.3-cu bəndinin icrasını təmin etmək məqsədilə dövlət və QDT-rı ilə birgə əhali arasında talassemiyanın profilaktikası sahəsində geniş maarifləndirici tədbirlərin həyata keçirilməsinə start verilmişdir. Bu tədbirlərə təhsil müəssisələrində talassemiyanın profilaktikasının gücləndirilməsi, məktəblilərin talassemiyaya dair maarifləndirilməsi, sosial səfərbərliyin təmin edilməsi kimi fəaliyyətlər daxildir. Bununla bağlı, mütəmadi əhali arasında geniş maarifləndirici tədbirləri həyata keçirən Azərbaycan Qızıl Aypara Cəmiyyəti “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində oktyabr ayının 20-də Səbail rayonunda 189 saylı tam orta məktəbdə, 4-cü sinif şagirdləri üçün “Qan və qan donorluğu” mövzusunda seminar keçirilmişdir. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramın kordinatoru Mətanət Qaraxanova seminarda iştirak edən 32 nəfər şagirdə qan hüceyrələri, qan xəstəlikləri (Hemofiliya və Talassemiya daxil olmaqla) , qan donorluğu barədə prezentasiya şəklində geniş məlumatlar təqdim etmişdir. Məktəblilərin məlumatı daha yaxşı mənimsəməsi üçün onlara seminarın sonunda AzQAC tərəfindən aşağı sinif şagirdləri üçün hazırlanan “Qan damlasının səyahəti” adlı hekayə kitabçası və qan donorluğuna aid vərəqələr paylanıldı. Sinif rəhbəri Nigar Aslanlının yüksək təşkilatçılığı ilə keçirilən seminarda məktəbin həkimi, psixoloqu, AzQAC-də istehsalat təcrübəsini keçən tələbələr də iştirak etmişlər.