Məlumdur ki, insanın həyat keyfiyyəti, yaşaması onun bir çox ehtiyaclarının ödənilməsi ilə bağlıdır. İnsanın hörmət, qayğı və diqqətə ehtiyacı belə vacib ehtiyaclardandır. Nəzərə alsaq ki, xəstəlik xüsusi davranışı olan həyat yaşamıdır və bu vəziyyətdə xəstənin həyat keyfiyyəti aşağı düşür, onun yaşamaq və sağalması üçün dərman, qida ilə yanaşı hörmət, qayğı və diqqətə olan ehtiyacı daha çox artır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində son illər ərzində ağır formalı vərəmli xəstələrə və onlara xidmət göstərən tibb işçilərinə psixo-sosial yönümlü fəaliyyətlərin həyata keçirilməsində böyük təcrübə qazanmışdır. Buna görə AzQAC-in əməkdaşları bu sahədə ölkədə həyata keçirilən fəaliyyətlərə cəlb olunur, vərəmlə mübarizədə fəal iştirak edirlər.
Belə ki, 2017-ci ildə də keçirilən bu fəaliyyətlərə xəstələr və tibb işçiləri üçün maarifləndirici seminarların keçirilməsi, dəstəkverici görüşlərin təşkili, sorğuların aparılması aiddir. Görüşlər zamanı xəstələr öz həyatları, baş verən hadisələri yada salır, xüsusilə də vərəm xəstəliyi ilə əlaqədar, ailə üzvlərinin dəstəyi və yaxud heç dəstəyin olmaması barədə məlumatlarla paylaşırlar. Bütün bunların onların yaşamasına təsiri barədə isə xəstələr xüsusi qeyd edərək, sosial və psixoloji gərgin vəziyyətlərinin olmasını vurğulayırlar. Xəstələrlə keçirilən psixoloji yardım çərçivəsində onların bir çox məsələlərlə bağlı (yaşayış imkanları, dərmanların yanaşı mənfi təsirləri, müalicənin uzun müddətli olması) ehtiyacların ödənilməməsi, bununla da həyat keyfiyyətinin aşağı olması müəyyən olunur. Belə vəziyyətdə xəstələrə diqqət və qayğı göstərilməsi onların əhval-ruhiyyəsinə müsbət təsir göstərərək, müalicə olunmağa həvəsləndirir. Eyni zamanda ağır sahə sayılan, ölüm ayağında olan xəstələrə qulluq edən tibb işçilərin psixoloji durumları da qiymətləndirilir, lazımi tövsiyyələr verilir. Xəstələrin və onlara xidmət göstərən tibb bacıların dediyinə görə, belə psixoloji dəstək çərçivəsində keçirilən görüşlər onların müalicəsini davam edilməsinə müsbət təsir göstərərək, onu sona çatdırılmasına kömək edir. Bununla yanaşı xəstələrin psixoloji durumunun dəyişməsi, əhval-ruhiyyənin yaxşılaşması da müşahidə olunur.
Çox ağır, uzun müddətli gedişi olan vərəmin ağır formaları ilə -MDR-TB, XDR-TB xəstələri, mütəmadi psixo-sosial, humanitar dəstəyə ehtiyac duyurlar. Bununla bağlı, hər bir insan, (fərdi və ya təşkilatlar) xəstə və onların ailə üzvləri və xidmət (qulluq) edən tibb işçiləri üçün belə dəstəyin təşkil olunmasında mütəmadi şəkildə həyata keçirilməsində fəal olmalıdır.