28-30 aprel 2018-ci il tarixində Qırğızstan Respublikasının Bişkək şəhərində Avropa Qızıl Xaç və Qızıl Aypara Milli Cəmiyyətlərinin iştirakı ilə Avropa Gənclərinin XXIII Əməkdaşlıq Görüşü keçirilmişdir. Görüş Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Beynəlxalq Federasiya) maliyyə dəstəyi ilə Qırğızstan Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunmuşdur.
Avropa Gənclərinin Əməkdaşlıq Görüşü hər 2 ildən bir keçirilir və görüşdə Avropa regionunda gənclərin üzləşdiyi problemlər və onları narahat edən mühüm məsələlər, qarşılıqlı işgüzar əməkdaşlıq perspektivləri müzakirə edilir.
XXIII Əməkdaşlıq Görüşünün əsas müzakirə mövzuları fövqəladə hallar və miqrasiya əməliyyatlarında fəaliyyət göstərən gənc könüllülərə sosio-psixoloji dəstəyin göstərilməsi, inteqrasiya, Milli Cəmiyyətlərdə Gənclərin Cəlb olunma Strategiyasının (YES) həyata keçirilməsi və könüllülük siyasətində yeniliklərə nail olunması idi. Açıq platforma şəkildə keçən sessiyalarda Milli Cəmiyyətlərin nümayəndələri qeyd olunan sahələr üzrə görülən işlərdən danışaraq, öz bilik və təcrübələrini bütün iştirakçılarla bölüşdülər. Görüşdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Prezidenti cənab Françesko Rokka, Vitse-Prezidenti cənab Kerem Kınık, Baş Katibi cənab Elhadj As Si iştrak etmişlər. Onlar iştrakçılara öz tövsiyələrini vermiş, gənclərin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatında mühüm rolundan söz açmışlar.
XXIII Əməkdaşlıq Görüşü zamanı baş verən ən mühüm hadisə Avropa Gənclərinin Əməkdaşlıq Komitəsinin (EYCC) yeni üzvlərinin seçilməsi oldu. Qeyd edək ki, Avropa Gənclərinin Əməkdaşlıq Komitəsi yeddi üzvdən ibarət olur və onlar 2 illik mandata sahib olurlar. Görüş zamanı Komitənin 2 illik iş planı və fəaliyyət göstərəcəkləri əsas prioritet sahələri də müəyyən edildi. Belə ki, 2018-2020-ci illərdə Avropa Gənclərinin Əməkdaşlıq Komitəsi sub-regional şəbəkənin inkişafı, gənclərin miqrasiya əməliyyatlarında fəaliyyəti, Gənclərin Cəlbolunma Siyasətinin həyata keçirilməsi, gənclər siyasətində yeniliklərin edilməsi və gənclərin idarəetmədəki rolunun artması kimi əsas prioritet sahələr üzrə fəaliyyət göstərəcəkdir.
Avropa Gənclərinin XXIII Əməkdaşlıq Görüşündə Azərbaycan Qızıl Aypara Cəmiyyətini Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri Fərid Seyidzadə təmsil etmişdir.