Miqrasiya bu gün dünyanı düşündürən və narahat edənən aktual problemdir. Hər yerdə olduğu kimi Azərbaycanda da miqrasiya ilə bağlı olan problemlər daimi müasir və diqqətçəkən bir məsələdir. Azərbaycanın ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də bu yöndə layihə və tədbirlərin həyata keçirilməsini artıq daha geniş şəkildə öz fəaliyyət planına daxil etmişdir. Bu məqsədlə, 2013-cü il oktyabrın 01-də ölkədə ilk olaraq miqrantlara təmənnasız Azərbaycan dili kursunu açmışdır. Artıq o vaxtdan 4 tədris ili keçib və miqrant-müdavimlər artıq bu gün -29.07. 2018-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Konfransında kursun 5-ci buraxılışına həsr olunmuş tədbirə toplaşıblar. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əskərzadə, İcraçı katibi Ceyhun Mirzəyev, İcraçı katibin müavinləri Xalidə İskəndərova, Səbinə Məhbubi İran, (AzQAC) miqrasiya şöbəsinin müdiri, Dövlət Miqrasiya Xidməti yanında İctimai şuranın üzvü Məmməd Kətanov, müdir müavini Murad Muradov, Azərbaycan dili müəllimi, miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva, Fondların artırılması şöbəsinin əməkdaşı Soltan Məmmədovun olduğu bu tədbirdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Sədri, ”Həyat“ Beynəlxalq təşkilatının Humanitar Dəstək İctimai birliyinin rəhbəri Azər Allahverənov,həmin birliyin əməkdaşı Zəminə Səfərova, Qaçqın Qadın və Gənclər Mərkəzinin rəhbəri Vasif ,miqrant icma rəhbərləri və başqaları da iştirak edirdilər. Tədbiri giriş sözü ilə AzQAC -nin vitse prezidenti Qafar Əskərzadə açaraq miqrasiya məsələsinin bu gün ən aktual və önəm kəsb edən məsələ olduğundan danışdı, onlara qayğı və diqqət göstərməyin vacibliyindən, AzQAC–nin azərbaycan dili dərslərinin təşkili təşəbbüsündən söz açaraq miqrantların cəmiyyətə inteqrasiyasına dəstək kimi bu kursun xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O qeyd etdi ki, miqrantlar ölkəmizdə qayğı və hörmətlə əhatə olunur. AzQAC onları daim diqqətdə saxlayır, onlara hər cür kömək göstərməyə hazırdır və bu işdə əlaqədar təşkilat və ictimai birliklərlə əməkdaşlıq edir. O, AzQAC –nin uzun illər “Həyat” Beynəlxalq Təşkilatı ilə olan əməkdaşlığından, daim onlarla qarşılıqlı anlaşmada olduğundan danışaraq bu dərslərin təşkili üçün göstərdikləri köməyə görə onlara minnətdarlığını bildirdi.Bu işdə Miqrasiya şöbəsinin gördüyü işə böyük qiymət verərək, şöbə rəhbərinə və müəllimə Sona Hacıyevaya gərgin əmək və xüsusi peşəkarlıq göstərdiyinə görə təşəkkür etdi. Miqrantlar əvvəlcə Azərbaycan Respublikasının dövlət himnini və sonra AzQAC- nin himnini müəllimə ilə və sonra bütün iştirakçılarla birlikdə söylədilər. Sonra söz ”Həyat“ Beynəlxalq təşkilatının Humanitar Dəstək ictimai birliyinin rəhbəri Azər Allahverənova və sosioloq-ekspert Zəminə Səfərovaya verildi. Natiqlər görülən işlərdən, miqrantların vəziyyətindən, onların üzləşdikləri çətinliklərdən söz açaraq, onların timsalında neçə illər bundan əvvəl bizim də soydaşlarımızın yarıtmaz siyasət nəticəsində düşdükləri eyni durumu xatırladığını ürək ağrısı ilə toplaşanların nəzərinə çatdırdı, bu kursun onların həyatına bir yüngüllük gətirdiyini və cəmiyyətdə daha asan yerləşmələrinə yardımçı olduğunu bildirdilər və Milli Cəmiyyəti ilə olan əməkdaşlıqdan söz açdılar. Bu kursun təşkilinə və dərslərin çox yüksək səviyyəsinə görə AzQAC-nin rəhbərliyinə, Sona Hacıyevaya, Məmməd Kətanova təşəkkür etdilər və müdavimləri kursun başa çatması münasibəti ilə təbrik etdilər. Qaçqın Qadın və Gənclər Mərkəzinin meneceri Vasif Məmmədov dedi ki, miqrant olmaq həyatdan kənarda qalmaq demək deyil, dil öyrənmək çox mühüm bir addımdır, həyata rəng qatmaqdır, inkişafa doğru istiqamətlənməkdir. Kursun təşkili və çox müvəffəqiyyətlə davam etməsindən ötrü əziyyəti keçənlərə, kursun müəlliminə təşəkkür etdi.
Əfqan müdavimlərdən 14 yaşlı Sədiyə Kərimi və 3 uşaq anası Şaqayeq Şafai miqrant ailələr və uşaqlar adından təşəkkür edərək Dünya siyasətçilərinə “Dünya bizim evimizdir, xoşbəxt, terrorsuz, müharibəsiz yaşamaq, təhsil almaq, tarixinə, keçmişinə layiq gənc kimi yetişmək bizim haqqımızdır.
Beşinci buraxılış münasibəti ilə hazırlanmış Sertifikatlar müvəffəqiyyət qazanmış 43 müdavimə qonaqlar tərəfindən bir-bir təqdim edildi.
Tədbiri müdavimlər Azərbaycan dilində hazırladıqları bədii təqdimatla davam etdirdilər. Təqdimatda milli paltar geyinmiş müdavimlərin ifasında AzQAC-nin və Əfqanıstan Respublikasının himnləri, rəngarəng bayatılar, atalar sözləri, vətənə, anaya həsr olunmuş şerlər, səhnəciklər, mətn parçalarında arzu və istəklərinin ifadəsi iştirakçılar tərəfindən heyranlıqla qarşılandı.
Sonda miqrantlar Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruz Aslana, məxsusən müəllimə Sona Hacıyevaya, miqrasiya şöbəsinin müdiri Məmməd Kətanova, İctimai layihələr koordinatoru Mətanət Qaraxanovaya göstərdikləri böyük köməyə görə öz təşəkkürlərini bildirdilər və xatirə şəkilləri çəkdirdilər.