Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhac As Sinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti , Milli Məclisin deputatı Cənab Novruz Aslanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qaçqınların və məcburi köçkünlərin çoxsaylı problemlərinin həlli ilə bağlı Azərbaycan dövlətinin daxili imkanlar hesabına zəruri tədbirlər həyata keçirdiyi bildirilib. Prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl iş apardığı vurğulanıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu sahədəki mühüm və təxirəsalınmaz layihələrin icrasını daim diqqətdə saxladığı qeyd edilib.
Dövlət komitəsinin sədri Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycana yenicə müstəqillik qazandığı dövrdə, ən çətin vaxtlarda böyük diqqət yetirdiyini, vaxtilə çadır düşərgələrində məcburi köçkünlərə zəruri humanitar yardım göstərdiyini vurğulayıb, təşkilatın həyata keçirdiyi fəaliyyətə görə təşəkkür edib.
Qeyd edilib ki, Federasiya ilə Azərbaycan hökuməti arasında yeni imzalanmış Memorandum qarşılıqlı maraq doğuran sahələrdə əməli əməkdaşlığın genişləndirilməsi üçün münbit şərait yaradacaqdır.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhac As Si təmsil etdiyi qurumla Azərbaycan dövləti arasında əməkdaşlığı yüksək qiymətləndirib, məcburi köçkünlərlə bağlı layihələrin bundan sonra da həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdən sonra Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndə heyəti Yasamal rayonunda məcburi köçkünlərin müəqqəti məskunlaşdığı yataqxanada və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksində vəziyyətlə tanış olub. Sonra jurnalistlər üçün brifinq təşkil edilib.