11 iyull 2018-ci il tarixində Qusar rayonunda geniş səpkili görüş keçirildi. Görüşün məqsədi 25 iyulda “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi (TMİQ) cərcivəsində, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) arasında imzalanmış Əməkdaşlıq Memorandumu əsasında, aidiyatı qurumların dəstəyi ilə növbəti planlaşdırılmış praktik-məşqə dair birgə hazırlıq işlərinin müzakirəsi idi.
Tədbirlə bağlı AzQAC-ın Baş Qərargahı nəzdində işçi qrupu yaradılmış, ilkin vəzifə bölgüləri aparılmış və növbəti addımlar müəyyənləşdirilmişdir.
Hazırlıq işlərinin və planlaşdırılmış addımların davamı olan görüşdə Qusar rayon İcra hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayev, FHN-nin Baş Əməliyyat İdarəsinin operativ şöbəsinin rəisi Namiq Abdullayev, FHN Şimal bölgəsi üzrə Regional Mərkəzinin rəisi Zabil Babayev və digər rəsmi nümayəndələr, AzQAC tərəfindən cəmiyyətin prezidentinin müşaviri, TMİQ layihə koordinatoru Elşən Səlimzadə, İcracı katibin müavini Xalidə İsgəndərova, AzQAC Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanet Məhərrəmova iştirak edirdilər.
Görüşün iştirakçıları tərəfindən praktik-məşqin yerinə baxış kecirilmiş və iştirakcı qurumlar arasında lazımi ilkin tapşırıq bölgüsü aparılmışdır.
Dövlət qurumlarının yerli nümayəndəlikləri və beynəlxalq müşahidəçilərin iştirak edəcəyi bu geniş səpkili praktik-məşqində hər iki qurumun tərəfindən şərti yaranmış fövqəladə hallar zamanı tətbiq edilməsi lazım olan müvafiq bacarıq və biliklərin nümayiş etdirilməsi nəzərdə tutulur.
Yuxarıda qeyd olunan “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi Azərbaycanın İsmayıllı və Qusar rayonlarında Avstriya İnkişaf və Əməkdaşlıq Agentliyi, Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə və texniki dəstəyi, İsmayıllı və Qusar rayonlarının İcra hakimiyyətləri və kənd bələdiyyələrinin dəstəyi, yerli icmaların fəal iştirakı ilə 2012-ci ildən bu vaxta qədər uğurla həyata keçirilir.